BAKI, 5 noyabr. TELEQRAF
Aqrar Sığorta Fondunun meyvə bağlarının sığortası üzrə həyata keçirdiyi ödənişlərin ümumi məbləği 1 milyon manata çatıb.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, meyvə bağları üzrə ödənişlər alça, alma, armud, badam, ərik, fındıq, gavalı, gilas, xurma, qoz, limon, nar, naringi, nektarin, portağal, şaftalı, üzüm bağları üzrə həyata keçirilib. Ən böyük sığorta ödənişləri üzüm, gilas, şaftalı-nektarin, badam, armud, ərik, alma və alça bağları üzrə həyata keçirilib.
Üzüm bağlarına dəymiş zərərlər üzrə indiyədək 168 min manat, gilas bağlarına dəymiş zərərlər üzrə 136 min manat, şaftalı-nektarin bağları üzrə 110 min manat, badam bağlarına dəymiş zərərlər üzrə isə 93 min manat sığorta ödənişi həyata keçirilib. Müxtəlif hadisələrdən zərər çəkmiş alma və alça bağlarına müvafiq olaraq 77 min manat və 67 min manat sığorta ödənişi edilib.
İndiyədək olan hadisələr göstərir ki, meyvə bağlarına ən çox zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və sel-subasmadır.
Qeyd edək ki, aqrar sığorta vasitəsilə meyvə bağlarında toplanacaq məhsulla yanaşı, tingləri və ağacları da ayrıca sığorta etmək mümkündür. Dövlət tərəfindən təqdim olunan 50%-lik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni, fermerlərə dəstək üçün dövlət özü ödəyir.