BAKI, 13 oktyabr. TELEQRAF

İpoteka Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 93 milyon manat kredit verilib.

Fonddan Teleqraf-a verilən məlumata görə, bu il oktyabrın 1-nə müvəkkil banklar tərəfindən Fondun zəmanəti ilə sahibkarlara 642 milyon manat məbləğində kredit verilib ki, bunun da 93 milyon manatı cari ilin yanvar-sentyabr aylarının payına düşür.

Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,2 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.