BAKI, 9 oktyabr. TELEQRAF

Qışa hazırlaşan "Azəristiliktəchizat" ASC bu mövsüm əhalini soyuqdan dondurmamaq məqsədilə bir sıra təmir tikinti işləri aparır. Söhbət qazanxanaların təmirindən gedir. Hansıki büdcə hesabına bu istiqamətdə milyonlarla vəsait xərclənməsi nəzərdə tutulur. Ümumilikdə qurumun xidmət səviyyəsini artırmaq məqsədilə şirkətlərlərlə bağladığı müqavilələrin dəyəri 20 milyon manata yaxındır. Layihələr üzrə böyük vəsaitlərin həvalə edildiyi şirkətlərin hansı şərtlərlə seçilməsi isə özlüyündə sirr pərdəsidir.

Teleqraf xəbər verir ki, ASC dövlət büdcəsindən ayrılan 4,3 milyon manata 7 ədəd qazanxananı yenidən qururaraq modernləşdirilməsini “İdeal TM” QSC-yə həvalə edib. Tikinti-quraşdırma işləri üçün bu şirkət bir mənbədən satınalma üzrə seçilib. Yəni açıq tenderdəki kimi tenderdə rəqabətlilik təmin edilməyib.

Xatırlatmaq yerinə düşərdi ki, bir mənbədən satınalma, dövlət satınalmaları haqqında qanunvericiliyin müəyyən etdiyi hallarda, yalnız bir təchizatçıdan mal və xidmətlərin satın alınması üsuludur. Bu zaman tender və ya kotirovka sorğusu kimi rəqabət metodları tətbiq edilmir. Qısası, bu metod xüsusi hallar üçün nəzərdə tutulub və məhdudlaşdırılmış satınalma vasitəsidir.

Müqaviləyə əsasən, işlərin icrasına avqustun 22-dən start verilib, bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Yəni, mövsüm başlayandan sonra. Hüquqi sahibi Əfqan Əliyev olan “İdeal TM” 2018-ci ildə yaradılıb. Cəmi 2010 manat nizamnamə kapitalına malikdir. Müxtəlif vaxtlarda vergi öhdəliklərini zamanında icra etmədiyi üçün maliyyə sanksiyaları ilə üzləşib.

Vergi idarələrinin təmirindən milyonluq layihələrə doğru

Şirkətlə bağlı maraqlı məqam yaradılandan cəmi bir il sonra dövlət layihələrində iştirakıdır. O zamankı Vergilər Nazirliyinin, ərazi vergi idarələrinin təmiri ilə başlayan sifarişlər Qarabağda layihələrin icrasına qədər uzanıb. Şirkət hətta Respublika İncəsənət Gimnaziyasının əsaslı təmir işlərini də aparıb- 5.852.136,32 manata.

“İdeal TM” QSC bu il dövlət qurumlarından iki sifariş alıb. Bunların hər ikisi də müsabiqəsiz baş tutub. Belə ki, "Azəristiliktəchizat"dan başqa “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC də tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında “İdeal TM” QSC ilə satınalma müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, “İdeal TM” QSC Xankəndi şəhərində 0.1016 hektar (1016 kv. metr) torpaq sahəsində yerləşən və İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin istifadəsinə veriləcək inzibati binasında təmir işləri həyata keçirəcək və qarşılığında 820 min manat alacaq.

Əlavə olaraq, "Azəristiliktəchizat" ASC balansında olan 5 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiyası işləri üzrə layihələndirmə işləri üçün "Bimd" Qapalı Səhmdar Cəmiyyəti ilə bu ilin sonuna qədər müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, qurum "Bimd" QSC-yə 116 min 712 manat ödəyib.

Bu şirkətin də nizamnamə kapitalı 2000 manatdır. Yeri gəlmişkən, “İdeal TM” QSC-yə həvalə edilən 7 qazanxananın yenidən qurulması və modernizasiyası işləri üzrə layihələndirmə işləri "Bimd" QSC-dən satın alınıb. Bu müqavilənin dəyəri 98 min manat olub.

4 qazanxana 915 min manata, 7 qazanxana 4,3 milyon manata başa gəlib

Diqqəti çəkən "Azəristiliktəchizat" ASC-nin "STEEL MATERIALS" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqavilələrdir. İlin əvvəlindən bu şirkətlə ümumi dəyəri 2 milyon manata yaxın 4 müqavilə imzalanıb. Qaynaq və inşaat malları, İstilik Mübadilə Aparatları və Su Hazırlığı xidməti üçün lazım olan texniki avadanlıqları, təmir-tikinti işləri üçün nəzərdə tutulmuş sement, qazanxana və istilik şəbəkələri üçün layihə üzrə müəyyən edilmiş xüsusi elektrik avadanlıqlar və onların ehtiyat hissələri bu şirkətdən satın alınır. Hüquqi sahibi Məcid Hüseynov olan şirkət vergi orqanlarında 2022-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı cəmi 20 manatdır.

Qurumun digər iri tender müqavilələrinə gəlincə, istilik xətlərində təmir bərpa işləri üçün qum-çınqılın alınması məqsədilə "AZR-R CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 77.632 manatlıq, Bakı şəhəri Nərimanov rayonu 72 saylı, Yasamal rayonu 141 saylı, Nizami rayonu 537 saylı, Səbail rayonu 505 saylı qazanxanaların aşağı paylama və məhəllədaxili xətlərin yenilənməsi üçün isə "Ak Piping Materials" MMC ilə 1.215.503 manatlıq müqavilələr imzalanıb. Xüsusilə vurğulamaq istərdik ki, "Azəristiliktəchizat" Yasamal rayonu 141 saylı qazanxananı ötən ildən təmir edir. Qazanxanaların təmiri ilə bağlı indiyə qədər keçirilən tenderlərdə bu qazanxanaya da vəsait ayrılıb. Bu ilin sentyabrında yekunlaşdırılması planlaşdırılan sonuncu layihənin ümumi dəyəri 4 qazanxana üzrə 915.607,33 manat olub. Yeri gəlmişkən, bu vəsait çərçivəsində 141, 505, 537, 72 saylı mövcud qazanxanaların sökülüb yenidən tikinti işlərinin aparılması nəzərdə tutulub. “Makro 2000 Editim Teknolojileri İnşaat Taahhüt İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə imzalanıb. Maraqlıdır cəmi bir il əvvəl 4 qazanxana 915.607,33 manata tikilibsə, 7 qazanxana necə 4.390.569,55 manata başa gəlir?

77.632 manatın həvalə edildiyi şirkətin 440 min manata yaxın vergi borcu var

O ki qaldı, 77.632 manatın həvalə edildiyi "AZR-R CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyətinə, 2023-cü ildə vergi orqanlarında qeydiyyatdan keçən bu şirkətin 439 238.19 AZN vergi borcu var. Cəmi 10 manat nizamnamə kapitalına malikdir. Belə "göstəricilərə" rəğmən MMC "Azəristiliktəchizat"ın açıq tenderində qalib olub.

Hüquqi sahibi Osman Burak olan "AK PİPİNG MATERİALS" MMC də qanunlar qarşısında öhdəliklərini vaxtlı-vaxtında icra edən şirkət deyil. 2019-cu ildə qeydiyyatdan keçən MMC müxtəlif illərdə vergi sanksiyalarına məruz qalıb. Nizamnamə kapitalı isə cəmi 100 manatdır.

Əvvəldə də qeyd etdiyimiz kimi, "Azəristiliktəchizat" paytaxt əhalisini soyuqdan qorumaq məqsədilə bir sıra satınalmalar reallaşdırıb. Məsələn, qurum qaz sayğaçlarının dövlət yoxlamasından kecirilməsi xidmətinin satınalınması ilə bağlı "Azərbaycan Metrologiya İnstitutu" PHŞ ilə 29.393,07, istilik şəbəkələrində qəza təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satınalınması üçün "PROQRESS İNŞAAT EN" MMC ilə 277.182, qazanxana və istilik şəbəkələri üçün layihə üzrə müəyyən edilmiş xüsusi elektrik avadanlıqları və onların ehtiyat hissələrinin satınalınması üçün "AMPER" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 63.251,72, xüsusi texnika və nəqliyyat vasitələri üçün akkumlyatorların, avtoşinlərin və yağlarının satınalınması üçün "AZ BATTERY" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 30.087,64, xüsusi texnika və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması üçün "MOTOR CLINIC" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 258.692,72 manat dəyərində müqavilələr imzalayıb.

"Azəristiliktəchizat": Seçim zamanı podratçının mövcud maddi-texniki bazası nəzərə alınıb

Görülən işlərlə bağlı "Azəristiliktəchizat" ASC-dən sorğumuza cavabda bildirildi ki, qurum tərəfindən hazırda daha 7 ədəd köhnə tipli qazanxananın, o cümlədən Nərimanov rayonu A.Nemətulla küçəsi 63 ünvanda 92 saylı, A.Heydərov küçəsi 24 ünvanda 86 saylı, Nizami rayonu T.Abbasov küçəsi 65 ünvanda 515 saylı, Babək prospekti 99 ünvanda 539 saylı, Yasamal rayonu N.Nərimanov prospekti 55 ünvanda 140 saylı, Pirallahı rayonu 40-cı məhəllə ünvanında 533 saylı və Səbail rayonu Badamdar qəsəbəsi Gənclər küçəsi 3 ünvanında 504 saylı qazanxanaların yenidən qurulması və modernizasiyası işləri aparılmaqdadır. 2024-cü ildə isə yarasız vəziyyətdə olan 4 ədəd qazanxana isə tamamilə sökülərək müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilib, zirzəmidə yerləşən 1 ədəd qazanxana zirzəmidən çıxarılaraq yenidən qurulub.

O ki qaldı “İdeal TM” ilə imzalanan müqaviləyə, aidiyyəti qurumların razılığı əsasında bir mənbədən satınalma metodu tətbiq edilib. Bu qərarın əsas məqsədi də işlərin payız-qış mövsümünün başlanma tarixlərinədək operativ şəkildə yekunlaşdırılmasını təmin etmək olub:

"Seçim zamanı podratçının mövcud maddi-texniki bazası nəzərə alınıb və təqdim edilən qiymət ilkin təklif kimi dəyərləndirilib. Layihə çərçivəsində bu qazanxanaların tam olaraq sökülməsi, layihəyə uyğun olaraq yeni binaların tikilməsi və ən müasir avadanlıqlar quraşdırılmaqla modernləşdiriməsi işləri icra ediləcəkdir. Yeni qazanxanaların 15 noyabr istilik mövsümünə qədər istismara verilməsi nəzərdə tutulur. Modernləşdirilən qazanxanaların quraşdırılan ümumi gücü 20,6 MVt (17,75 Qkal.saaat) təşkil edir və 53 yaşayış binası, 4 məktəb, 5 uşaq bağçası, 2 səhiyyə obyekti və 24 digər istehlakçıların yüksək keyfiyyətdə istiliklə təmin edilməsinə imkan verəcək".

"Azəristiliktəchizat"ın nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması üçün "MOTOR CLINIC" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan 258.692,72 manatlıq müqaviləyə gəlincə, cəmiyyətdən deyildi ki, balansda 50-dən artıq avtonəqliyyat vasitəsi var. Müqavilənin məqsədi bu nəqliyyat vasitələrinin istismarı zamanı yarana biləcək nasazlıqları operativ aradan qaldırmaqdır.