BAKI, 7 oktyabr. TELEQRAF
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsi son üç ildə iki dəfə artaraq 2,1 trilyon dollara çatıb.
Teleqraf xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu göstərici ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini və regional inteqrasiyanın real nəticələr verdiyini göstərir.
Hazırda ümumi ticarət dövriyyəsinin təxminən 850 milyard dolları TDT-yə üzv ölkələr arasında ikitərəfli əməliyyatlara aiddir. Bu isə ümumi xarici ticarət həcminin 7 faizini təşkil edir.
“Bəli, 7 faiz böyük rəqəm sayılmaya bilər, amma cəmi üç il əvvəl bu göstərici 3 faiz idi. Artım dinamikası çox müsbətdir və bu tendensiya davam edir”, - deyə Ömüralıyev vurğulayıb.
Təşkilat nümayəndəsi qeyd edib ki, bu artımda Orta Dəhlizin inkişafı həlledici rol oynayıb. Yeni nəqliyyat marşrutu sayəsində yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb, çatdırılma müddəti isə iki həftəyə qədər azalıb.