BAKI, 29 sentyabr. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri həyata keçiriləcək.
Teleqraf xəbər verir ki, müvafiq işlərlə bağlı "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi 4 şirkətlə ümumi dəyəri 17 milyon 816 min 592 manat olan 4 müqavilə imzalayıb.
"Safe Point" Qapalı Səhmdar Cəmiyyəti ilə imzalanan müqaviləyə əsasən, 3 milyon 145 min 77,6 manat vəsait xərclənəcək. Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi Ömərov Vahid Cabir oğludur.
Eyni məbləğdə — 3 milyon 145 min 77,6 manat dəyərində müqavilə "Azerbaijan Demining Company" MMC ilə də bağlanıb. Nizamnamə kapitalı 100 manat olan bu şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Nadir oğludur.
Digər bir müqavilə isə "Alphademining" MMC ilə imzalanıb. Müqavilənin məbləği eynilə 3 milyon 145 min 77,6 manat təşkil edir. Bu şirkətin də nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Cəfərov Hüseyn İsa oğludur.
Bundan əlavə, keçmiş təmas xəttində yerləşən və mina təhlükəsi yüksək olan ərazilərin çəpərlənməsi işləri də həyata keçiriləcək.
Bu məqsədlə "DMC Alyans Qrup" MMC ilə 8 milyon 381 min 359,91 manat dəyərində müqavilə imzalanıb. Şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Tahməzov Elvar Eldar oğludur.