BAKI, 26 sentyabr. TELEQRAF
Bu gün "Bakı Metropoliteni"nin “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar 10 dəqiqəyə yaxın gecikib. Nəticədə “Nəriman Nərimanov” stansiyasının platformasında sərnişin sıxlığı yaranıb.
Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov qeyd etdi ki, “Dərnəgül” stansiyası istiqamətində gecikmələr sərnişin sıxlığını tənzimləmək üçün baş verir:
“Səhər saatlarında sərnişinlərin çox olduğu vaxtlarda sıxlığı tənzimləmək üçün saat səkkizdən doqquza qədər “Memar Əcəmi” stansiyasından iki qatar dayanmadan "Elmlər Akademiyası"na qədər sərnişinsiz hərəkət edir. İki qatar üçün hərəkət vaxtı 3 dəqiqə 30 saniyədir. Bu zaman 7 dəqiqəlik gecikmə yaranır. Bu, 10 saniyə çox və ya az da ola bilər. Vəziyyət normal hesab olunur. Çünki biz sərnişinlərin çox olduğu stansiyalarda sıxlığı tənzimləməliyik”.
Bəxtiyar Məmmədov stansiayalarda yaranan ümumi gecikmələrin səbəbinə və sıxlığın tənzimlənməsi üçün atılan addımlara da aydınlıq gətirdi:
"Səhər saatlarında sıxlıqların qarşısının alınması məqsədilə “Neftçilər”dən “Koroğlu”ya sərnişinsiz qatar dayanmadan hərəkət edir. “Memar Əcəmi” istiqamətində iki qatar xəttə buraxılır. Bununla “20 Yanvar”, “İnşaatçılar” “Memar Əcəmi” stansiyalarındakı sıxlıq tənzimlənir. Eyni zamanda günorta saatlarında "Nərimanov" elektrik deposundan “28 May”a sərnişinsiz qatar göndərilir. Əvvəl də qeyd etediyim kimi, “Memar Əcəmi” stansiyasında günorta saatlarında iki qatar sərnişinsiz “Elmlər Akademiyası” stansiyasına gəlir, çünki bu saatlarda “Elmlər Akademiyası” xüsusi sıxlıq yaranması ehtimalı olur. “Nizami” stansiyasında da sərnişin sıxlığı olur. Bu cür tədbirlər universitet və məktəblərdə birinci dərs növbəsi başa çatdıqdan sonra “28 May” və “Elmlər Akademiyası”nda yaranan sıxlıqları tənzimləmək üçün əlavə olaraq görülür.
“İçərişəhər”, “Dərnəgül” istiqamətində "Bakı Metropoliteni"də qatarlar arası hərəkət intervalı minimum 5 dəqiqədir, çünki pik saatlar başa çatdıqdan sonra “Bakı Metropoliteni”nin əsas xəttinin sahəsi olan “28 May-Əhmədli” istiqamətində interval 2 dəqiqə 30 saniyə olur. Stansiyaların infrastrukturu və ya qatarların sazlığı ilə bağlı heç bir problem yoxdur, bütün xətlər rəvan qaydada işləyir".