BAKI, 5 sentyabr. TELEQRAF

Azərbaycanın maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər naziri Peter Siyarton iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, müzakirələr Budapeştdə Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasında aparılıb. Nazirlər ticarət, iqtisadiyyat, investisiya, enerji və digər sahələri əhatə edən Birgə Komissiyanın növbəti iclasının geniş məzmunlu gündəliyini nəzərdən keçiriblər.

Sahil Babayev Azərbaycan və Macarıstan arasında 61 sənədin imzalandığını, geniş hüquqi bazanın formalaşdırılması, ticarət dövriyyəsinin 2024-cü ildə 29 faiz artaraq 62 milyon ABŞ dollarını ötməsini önə çəkib.

Qeyd edib ki, enerji və bərpa olunan enerji sahəsində mühüm layihələrin həyata keçirilməsi, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Macarıstan şirkətlərinin fəal iştirakı və humanitar əlaqələrin genişlənməsi Birgə Komissiyanın iclasında mühüm nailiyyətləridir.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton Azərbaycanla Macarıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və fayda üzərində qurulduğunu və bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyini vurğulayıb.

Azərbaycanla enerji sahəsində əməkdaşlığın neft və qaz resursları olmayan Macarıstanın beynəlxalq enerji bazarında mövqeyində də dəyişikliyə gətirib çıxardığını qeyd edib. Belə ki, Macarıstan hazırda yalnız qaz alıcısı deyil, həm də artıq başqa ölkələrə qaz satışını həyata keçirir.

Sonda iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, həmçinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı”, “Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD. və PANNONPHARMA arasında Anlaşma Memorandumu” hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.