BAKI, 20 avqust. TELEQRAF

Yerüstü Nəqliyyat Agentliyi tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək üçün xüsusi yerlərin yaradılması davam etdirilir.

AYNA-dan Teleqraf-a verilən məlumata görə, növbəti belə yerlər Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində (“Caspian Plaza”nın qarşısı), eləcə də 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində (2 saylı “ASAN Xidmət” mərkəzinin yaxınlığı) təşkil edilib. Hər iki ünvanda müvafiq lövhələr yerləşdirilib.

"Minib-düşmə yerlərinin yaradılmasında məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır. Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir", - deyə qurumun məlumatında bildirilib.