BAKI, 18 avqust. TELEQRAF
Beynəlxalq Muzeylər Şurasının (ICOM) təsis etdiyi “Muzeylərdə Dayanıqlı İnkişaf Təcrübəsi üzrə ICOM Mükafatı”nın uzun siyahısı açıqlanıb.
Xəzər Dəniz Gəmiçiliyindən Teleqraf-a verilən məlumata görə, siyahıya Azərbaycandan yalnız “Suraxanı” gəmi-muzeyinin təqdim etdiyi “Xəzərin irsi” layihəsi daxil edilib.
ICOM-un 2024-cü ildə elan etdiyi müsabiqəyə ümumilikdə 124 ölkədən müraciət daxil olub. Münsiflər heyəti ilkin seçim apararaq 60 ölkənin 130 layihəsini uzun siyahıya salıb. Növbəti mərhələdə bu layihələr qiymətləndirilərək qısa siyahı müəyyənləşdiriləcək və yekunda üç finalçı seçiləcək. Qaliblər isə 2025-ci ilin dekabrında Dubayda keçiriləcək ICOM-un Baş Konfransında elan olunacaq.
Layihələr beynəlxalq münsiflər heyəti tərəfindən “2030 Gündəliyi” və Dayanıqlı İnkişaf Məqsədlərinin beş əsas istiqaməti – İnsanlar, Planet, Firavanlıq, Sülh və Tərəfdaşlıq üzrə qiymətləndirilir.
Qeyd edək ki, dünyanın ilk tanker muzeyi olan “Suraxanı” 2023-cü ildə “Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illiyi münasibətilə təqdim etdiyi “Xəzərin irsi” sərgisi, həmçinin “Yaşıl Dünya Naminə Həmrəylik İli” və COP29-a həsr olunan “Art Plast” layihəsi ilə müsabiqəyə qatılıb.
“Xəzərin irsi” sərgisində Xəzərin dibindən çıxarılan eksponatlar, sualtı arxeoloji avadanlıqlar nümayiş olunub, həmçinin Azərbaycanın su altında qalmış şəhərləri və batmış orta əsr gəmiləri haqqında məlumat təqdim edilib. “Art Plast” layihəsi çərçivəsində isə tullantılardan hazırlanmış iri ölçülü dəniz fiqurları, dünya xəritəsi installyasiyası və istifadəyə yararsız qayıqlardan düzəldilmiş güldanlar “Suraxanı” gəmi-muzeyinin qarşısında sərgilənib.