BAKI, 7 avqust. TELEQRAF
2025-ci ilin birinci yarısında Azəri-Çıraq-Günəşlinin əməliyyat məsrəflərinə 259 milyon dollar, əsaslı məsrəflərə 558 milyon dollar xərclənib.
Teleqraf xəbər verir ki, bu barədə bp-nin 2025-cü ilin 1-ci yarısının yekunlarına dair hesabatında qeyd edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azəri-Çıraq-Günəşlinin əməliyyat xərcləri 16 milyon dollar və ya 6,6 % artıb, əsaslı xərclər isə 140 milyon dollar və ya 20 % azalıb.
Qeyd edək ki, ilin ilk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (86 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (42 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.
İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilat quyusu, 46 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub. İlin birinci yarısında AÇG-də 3 neft hasilat, 3 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanıb.