BAKI, 4 avqust. TELEQRAF
Qazaxıstanın milli neft-qaz şirkəti “KazMunayGaz” (KMG) Macarıstana 85 min ton həcmində ilk neft partiyasını ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə "KazMunayGaz"ASC-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən,“KazMunayGaz” ilə Macarıstanın "MOL Group" şirkəti arasında strateji əməkdaşlığın genişləndirilməsi çərçivəsində 85 min ton həcmində qazax nefti Macarıstanın “Sazhalombatta” neft emalı zavoduna göndərilib.
Nəql Novorossiysk limanından Xorvatiyanın Omişalj limanına qədər “KazMunayGaz”ın törəmə şirkəti olan “Kazmortransflot” tərəfindən “Alatau” tankerində həyata keçirilib. Xorvatiyadan Macarıstana qədər neftin nəqli isə Adriatik neft kəməri vasitəsilə həyata keçiriləcək. Bu kəmərin idarəsini Xorvatiyanın "Jadranski naftovod" şirkəti həyata keçirir.
Şirkətin açıqlamasında qeyd olunub ki, bu addım Qazaxıstana öz neftinin ixrac coğrafiyasını genişləndirərək Avropa İttifaqı bazarlarında mövqeyini gücləndirməyə imkan verir.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan Energetika Nazirliyi Macarıstana “Drujba” kəməri vasitəsilə neft tədarükü imkanlarını nəzərdən keçirdiyini açıqlamışdı. 2025-ci il ərzində Macarıstana sınaq neft tədarüklərinin həyata keçirilməsi planlaşdırılır.