BAKI, 28 iyul. TELEQRAF

Azərbaycan qazının"Trans-Balkan" dəhlizi ilə Ukraynaya ixracı planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "Naftogaz" şirkətinin rəhbəri Sergey Koretski məlumat verib.

"Ukrayna "Trans-Balkan" dəhlizi ilə ilk dəfə Azərbaycandan qaz idxal edəcək. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə qazın alışı üzrə ilk müqavilə imzalanıb.Sınaq tədarükü Bolqarıstan və Rumıniya üzərindən həyata keçiriləcək. Bu, həcmi baxımından kiçik olsa da, strateji baxımdan mühüm addımdır və uzunmüddətli əməkdaşlığın yolunu açır. Eyni zamanda tədarük mənbələrinin diversifikasiyasına daha bir nümunədir", – deyə Koretski bildirib.

Qeyd edək ki, Ukrayna Macarıstan, Slovakiya və Polşadan da qaz alır. 2025-ci ilin ilk beş ayında Ukrayna 1,12 milyard kubmetr qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə on dəfə çoxdur. Əsas həcmlər Macarıstan (təxminən 60%), Slovakiya (23%) və Polşadan (17%) təmin edilib.

İlin əvvəlində Ukrayna hakimiyyəti Azərbaycan qazının Avropaya tranzit imkanları üzərində işlədiklərini açıqlayıblar (Kiyev “Qazprom”la müqaviləni yeniləmədi və yanvarın 1-də Rusiya qazının tranziti dayandırıldı).

Nəzərə çatdıraq ki, Trans-Balkan qaz kəməri SSRİ dövründə inşa edilib. Əsas istiqaməti Balkanlara və Türkiyəyə qaz ötürülməsini təmin etmək olub. Kəmər Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçir. 2020-ci ilin yanvarında “Türk axını” qaz kəmərinin işə salınmasına qədər "Trans-Balkan" qaz kəməri sözügedən ölkələrə mavi qazın ötrülməsində əsas rol oynayıb.

2022-ci ilin dekabrında Moldova "Trans-Balkan" qaz kəmərinin əks rejimini sınaqdan keçirmək üçün Avropadan təxminən 4 milyon m3 təbii qaz alıb.

2023-cü il tarixində Türkiyə "Trans-Balkan" qaz kəməri ilə Bolqarıstana gündəlik 2,5 milyon təbii qazın əks istiqamətdə sınaq tədarüklərinə başlayıb.