BAKI, 22 iyul. TELEQRAF

Bu ilin ilk altı ayı ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə sifarişçi təşkilatlar tərəfindən təqdim olunmuş layihələr üzrə kassa sifariş sənədləri əsasında dövlət büdcəsində illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi və ya 1 milyard 552,4 milyon manatı istifadə edilib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, xərclənmiş vəsaitin 1 milyard 353,6 milyon manatı infrastruktur layihələrinə yönəldilib. Bu çərçivədə 1 milyard 58,2 milyon manat avtomobil yollarının layihələndirilməsi, tikintisi və yenidən qurulmasına, 239,5 milyon manat yeni yaşayış komplekslərinin inşasına, 33,7 milyon manat isə magistral su xətləri, tullantı və yağış kollektorlarının layihələndirilməsi və tikintisinə sərf olunub. Eyni zamanda, Sənaye Parklarının təşkili və infrastruktur təminatı üçün 20,5 milyon manat, yaşayış məntəqələrinin elektriklə təchizatı üzrə işlərə isə 1,7 milyon manat ayrılıb.

Bundan əlavə, 182 milyon manat təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üzrə sosialyönümlü layihələrin maliyyələşdirilməsinə, 16,8 milyon manat isə ərazilərin minalardan təmizlənməsi tədbirlərinə yönəldilib.