BAKI, 21 iyul. TELEQRAF
Ötən il üzrə Azərbaycanın neft-qaz yataqlarından Dövlət Neft Fonduna daxil olan vəsaitlərin həcmi açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2024-cü il üzrə maliyyə hesabatında məlumat verilib.
Azəri-Çıraq-Günəşli ( AÇG) yatağından hasil edilmiş mənfəət neftinin satışından daxil olmuş məbləğ ümumi daxilolmaların təqribən 91,3%-ni (6 158,5 milyon ABŞ dolları) təşkil edib. Dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq 2024-cü ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasil edilən mənfəət neftinin satışından fonda 6 milyard 158,5 milyon dollar gəlir daxil olub.
"Şahdəniz" yatağından Neft Fonduna 442,1 milyon dollar daxil olub. "Abşeron" yatağı üzrə isə hasil olunmuş təbii qazın satışından 33,3 milyon ABŞ dolları, kondensatın satışından 65,6 milyon dollar əvsait əldə olunub.
Digər yataqlardan əldə olunan gəlirlər isə nisbətən aşağı olub. "Binəqədi" yatağından 11,7 milyon dollar, "Balaxanı-Sabunçu" yatağından isə 10,9 milyon dollar gəlir qeydə alınıb. Suraxanı yatağından 5,6 milyon dollar, "Kirovdağ"dan 5,1 milyon dollar," Zığ-Hövsan"dan 3 milyon dollar, "Müşfiq-Kəraməddin" yatağından isə 2,8 milyon dollar gəlir əldə olunub.