BAKI, 19 iyul. TELEQRAF

Avropa İttifaqı (Aİ) və Birləşmiş Krallıq Rusiya neftinə tətbiq edilən qiymət “tavanı”nı aşağı salmaq barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, Aİ dəniz yolu ilə ixrac olunan Rusiya neftinin qiymət “tavanı”nı bir barel üçün 60 dollardan 47,60 dollara endirib.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bu addımı Rusiyaya qarşı indiyə qədərki ən güclü sanksiya paketlərindən biri adlandırıb.

Yeni məhdudiyyətlər həmçinin Rusiya boru kəmərlərinə, banklarına və texnologiya ixracına da şamil olunur.

Aİ-dən bildirilib ki, yeni iymət Rusiyanın əsas ixrac markası olan “Urals” neftinin orta bazar qiymətindən həmişə 15% aşağı olacaq.

Yeni qiymət 3 sentyabrdan qüvvəyə minəcək. Bu tarixdən etibarən Aİ və Birləşmiş Krallıqda fəaliyyət göstərən sığortaçılar və daşıyıcılar bu məbləğdən yüksək qiymətə satışlara vasitəçilik edə bilməyəcək.

Böyük Britaniya da qərardan dərhal sonra yeni qiymətə qoşulduğunu açıqlayıb.

Qeyd edək ki, ilkin qiymət “tavanı” G7 ölkələri tərəfindən 2022-ci ilin dekabrında tətbiq edilmişdi, lakin Donald Tramp hökuməti bu razılaşmaya dəstək vermir.

Aİ həmçinin “Şimal axını–1” və “Şimal axını–2” qaz kəmərlərinə sərmayə qoyuluşunu qadağan edib.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında baş verən partlayışlardan sonra “Şimal axını – 1” yararsız hala düşüb. “Şimal axını – 2” isə heç vaxt lisenziya almayıb, lakin Rusiya bu layihələrin bərpasında maraqlı olduğunu bildirib.