BAKI, 19 iyul. TELEQRAF
Avropanın yeraltı qaz anbarlarında (UGS) artıq 70 milyard kubmetr qaz toplanıb. Hazırda yeraltı qaz anbarlarının doluluq səviyyəsi 63.88%-dir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.
Bildirilib ki, yay mövsümünün başlanmasından bəri Avropa İttifaqının (Aİ) yeraltı qaz anbarlarına xalis qaz vurulması (vurma və çıxarma həcmləri arasındakı fərq) təxminən 33 milyard kubmetr olub. Bu isə gələcək qış mövsümünə qədər anbarların 90%-lik doluluq səviyyəsinə çatmaq üçün tələb olunan 61 milyard kubmetrin yarısından çoxudur.
GIE-nin məlumatına görə, iyulun 16-da Aİ-nin anbarlarına 337 milyon kubmetr qaz vurulub, çıxarılma həcmi isə 33 milyon kubmetrə yüksəlib. Hazırda anbarlardakı ümumi qaz həcmi 70 milyard kubmetr təşkil edir ki, bu da iyul ayı üçün qeydə alınmış ən yüksək yeddinci göstəricidir. Lakin bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 22% azdır.
Hazırda Avropanın yeraltı qaz anbarları 63.88% doludur. Bu göstərici son beş ilin eyni tarix üçün orta göstəricisindən 8.82 faiz bəndi aşağı, ötən ilin analoji dövründəki 81.6%-lik doluluq səviyyəsindən isə xeyli geridədir. Avropa Komissiyasının tələbinə əsasən, Aİ üzv ölkələri hər il 1 noyabra qədər qaz anbarlarını azı 90% həcmində doldurmalıdır.