BAKI, 14 iyul. TELEQRAF
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev Qəsəbəsində yerləşən “ELAT KƏNDLİ-FERMER TƏSƏRRÜFATI” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus quşçuluq fabrikində formalaşan tullantı sularının lokal təmizləyici qurğu olmadan birbaşa Sumqayıt çayına, dolayısı ilə də Xəzər dənizinə axıdılması faktını aşkarlayıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, “ELAT KƏNDLİ-FERMER TƏSƏRRÜFATI” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində hüquqi şəxs qismində “İnzibati xəta haqqında Protokol” tərtib edilib.
Həmçinin, Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının Qərarı ilə təsdiq edilən qaydalara riayət edilmədən fəaliyyətin həyata keçirildiyini nəzərə alaraq, müvafiq tədbirlər görülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət ediləcək.