BAKI, 7 iyul. TELEQRAF
10 ildən sonra ölkə ərazisində kənd təsərüfatının siyahıyaalınmasına başlanılıb.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, kənd təsərrüfatının siyahıyaalınması ölkəmizdə cari il iyul ayının 15-dən avqustun 15-dək keçiriləcək.
Xüsusi olaraq onu da vurğulayaq ki, ölkə tarixində ilk dəfə işğaldan azad olunmuş ərazilərdə də siyahıyaalınma aparılacaq.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi İmişli, Salyan, Siyəzən, Ucar, Şəki, Masallı, həmçinin, Şirvan, Göygöl, Goranboy, Yardımlı, Samux və Kəlbəcər rayonlarında kənd təsərrüfatının siyahıyaalınmasına artıq aprel ayından başlayıb. Müvafiq işlərin görülməsi il sonuna qədər davam edəcək.
Onu da bildirək ki, kənd təsərrüfatı siyahıyaalınması - ölkənin kənd təsərrüfatı sahəsi ilə bağlı ətraflı məlumat əldə etmək məqsədilə aparılan genişmiqyaslı statistik sorğudur. Bu sorğu torpaq istifadəsi, əkin sahələrinin strukturu, suvarma, mal-qaranın sayı və sürü dövriyyəsi, təsərrüfatların istehsal göstəriciləri, əmək resursları və digər imkanlar haqqında geniş məlumat toplamağa imkan verir.