BAKI, 23 iyun.TELEQRAF
Bakı Dövlət Universiteti (BDU) iyunun 25-də "Milli Gimnastika Arenası"da keçiriləcək “Məzun Günü” tədbirinin təşkili və keçirilməsi ilə bağlı "ADMEDIA.AZ" MMC ilə müqavilə bağlayıb.
Teleqraf xəbər verir ki, universitet təşkilatı işlər üçün MMC-yə 158 min 627 manat ödəyəcək. Tenderin ehtimal olunan qiyməti 219 min 849 manat idi.
Müqaviləyə əsasən, tədbirlə bağlı bütün təşkilati işlər iyunun 21 -də başlayıb iyulun 11- də tamamlanacaq. Bu təşkilatı işlərə dizayn əsasında tədbir ərazisinin öncədən müəyyən olunmuş hissələrində banerin quraşdırılması, səs sistemi, ekran və işıq avadanlığı, foto zona dekoru, şou-proqram, atəşfəşanlıq, şarlar daxildir.
Qeyd edək ki, Bakı Dövlət Universiteti “Milli Gimnastika Arenası” MMC-yə təbbirin keçirilməsi üçün 94.400 manat icarə haqqı ödəyib. Bu yöndə satınalma bir mənbədən olub. Müqavilə ötən ay imzalanıb.
Xatırladaq ki, Bakı Dövlət Universiteti ötən il də "Məzun Günü"nü “Milli Gimnastika Arenası”da keçirib. O zaman da icarə haqqı 94.400 manat olub. Digər maraqlı məqam təşkilati işlər üçün 2024-cü ildə də "ADMEDIA.AZ ilə müqavilə imzalanmasıdır. Həmin il təşkilatı işlərə görə bu şirkətə 146 min 662 manat ödənmişdi.
“ADMEDIA.AZ” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Məmmədov Emin Əjdər oğlu, təsisçisi isə Sabit Məmmədovdur.
Qeyd edək ki, “ADMEDIA.AZ” MMC bu günə qədər müxtəlif dövlət qurumlarının keçirdiyi bir sıra tender müsabiqələrinin qalibi olub. Şirkətin rəsmi saytında yer alan məlumata əsasən, o, reklam, media və marketinq xidmətləri ilə yanaşı, sərgi və tədbirlərin təşkili sahəsində də ixtisaslaşıb.