BAKI, 21 iyun. TELEQRAF
Ağdam Rayon İcra Hakimiyyəti "Dream Construction Company" MMC ilə 290 min manat dəyərində müqavilə bağlayıb.
Teleqraf xəbər verir ki, rayonun Quzanlı qəsəbəsi Heydər Əliyev Prospektində yolun əsaslı təmiri "Dream Construction Company" MMC-yə həvalə olunub. Müvafiq işlərin görülməsinə ötən gündən başlanılıb, bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, qalib şirkət olan "Dream Construction Company" MMC-nin hazırda dövlətə 7 min 266 manat vergi borcu var. Şirkət 2014-cü ilin mayında təsis edilib. Qanuni təmsilçisi Cavadov Cavid Elman oğlu olan MMC-nin nizamnamə kapitalı 5 min 515 manatdır. Şirkət əvvələr "Otaxlı" MMC olaraq fəliyyət göstərib, 2022-ci ilin oktyabrında adı dəyişərək "Dream Construction Company" MMC olub.
Şirkət həmçinin, ötən il Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası alıb.
"Dream Construction Company" MMC bundan əvvəl bir çox yerli İcra Hakimiyyətləri ilə müştərək layihələrdə iştirak edib. Qurumun ən son Quzanlı qəsəbəsi ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsi üçün Ağdam Rayon İhb-Nin Quzanli Ərazi Nümayəndəliyi ilə bağladığı müqavilənin dəyəri 258 min 172 manat təşkil edib.
Əlavə olaraq, "Dream Construction Company" MMC-nin Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi, eləcə də Xızı Rayonu İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə yolların əsaslı təmiri üçün müvafiq olaraq, 849 min 460 AZN, 715 min 526 AZN və 395 min 866 AZN məbləğində razılaşmaları olub.