BAKI, 20 iyun. TELEQRAF
Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə uzunluğu 18 kilometr olan və uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşüb.
Hazırda 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən bu yollar 4-cü texniki dərəcəyə uyğun şəkildə təkmilləşdirilir. Genişliyi 10 metrədək artırılır ki, bu da 6 metr hərəkət hissəsini və hər iki tərəfdə 2 metr çiyin hissəsini əhatə edir.
Qeyd edək ki, "İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol boyu torpaq işləri, qazma və əks-dolğu işləri aparılır, suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri sahələrdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.
Xatırladaq ki, layihənin 2,3 km-lik Zəhmətabad–Soltankənd hissəsində qeyd olunan işlər artıq yekunlaşıb. Hazırda həmin hissədə yol yatağının tikintisi işləri davam etdirilir.