BAKI, 17 iyun. TELEQRAF

İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.

Nazir bildirib ki, OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində Fondun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşüb. Görüş zamanı qarşılıqlı əlaqələrin Azərbaycnın enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib.

"Bərpa olunan enerji, infrastruktur və texniki yardım sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalandı. 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpaolunan enerji, nəqliyyat, infrastruktur və digər sahələrdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək", - deyə Mikayıl Cabbarov əlavə edib.