BAKI, 4 iyun. TELEQRAF

Ukrayna energetika nazirinin müavini Mikola Kolesnik Bakıya səfəri zamanı energetika naziri Pərviz Şahbazovla Ukraynanın istilik mövsümünə hazırlığında Azərbaycanın iştirak imkanlarını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mikola Kolesnik Pərviz Şahbazovu Ukraynanın növbəti istilik mövsümünə hazırlıq prosesi ilə bağlı məlumatlandırıb. Bu kontekstdə enerji layihələrinin inkişafında əməkdaşlıq imkanları müzakirə olunub”, – deyə nazirlik qeyd edib.

Məlumatda əlavə olunur ki, görüşdə enerji bazarlarının inkişafı və Ukraynanın enerji dayanıqlığının təmin olunması sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.

Qeyd edək ki, Kiyev 1 yanvar 2025-ci ildə müddəti başa çatan Rusiya qazının tranziti üzrə müqavilənin müddətini uzatmamaq qərarına gəldikdən sonra qazın digər tədarükçülər, xüsusilə də Azərbaycan tərəfindən nəqli üçün öz infrastrukturunu təklif etməyə başlayıb.