BAKI, 27 may. TELEQRAF

Ötən il yerli özünüidarəetmə orqanları – bələdiyyə büdcələrinə cəm olaraq 12 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Bələdiyyələrin gəlir və xərclərini tənzimləmək məqsədilə 6,4 milyon manat dotasiya, su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı 4,3 milyon manat subsidiya və 1,3 milyon manat subvensiya ayrılıb.

Ayrılan subvensiya bir sıra bələdiyyələrin ərazisində, ziyarətgaha gedən yolun bərpası və yenidən qurulması, ictimai–iaşə obyektinin tikintisi, keçi heyvandarlıq təsərrüfatının yaradılması və fermanın tikintisi, idman sağlamlıq mərkəzinin tikintisi və ödənişli əsaslarla fəaliyyət göstərəcək uşaq bağçasının tikintisinə yönəldilib.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.