BAKI, 27 may. TELEQRAF
Ötən il dövlət büdcəsindən təhsil bölməsi üzrə xərc edilmiş vəsaitin 3 milyard 567,9 milyon manatı və ya 81,3 faizi Elm və Təhsil Nazirliyinin payına düşüb.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
İqtisadi təsnifata uyğun olaraq nazirlik üzrə ayrılmış vəsaitin 2 milyard 733,3 milyon manatı və ya 76,6 faizi əməyin ödənişi xərclərinə, 539,4 milyon manatı və ya 15,1 faizi malların (işlərin və xidmətlərin) satın alınması xərclərinə, 94 milyon manatı və ya 2,6 faizi subsidiyalar, qrantlar, dövlət sifarişi, dövlət öhdəlikləri və sosial ödənişlərə, 201,2 milyon manatı və ya 5,7 faizi isə tikili və avadanlıqların, qeyri-maddi və qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclərin maliyyələşdirilməsinə sərf olunub.
Hesabat ilində həmin xərclərdən:
- “Məktəbəqədər təhsil” köməkçi bölməsi üzrə Elm və Təhsil Nazirliyinin tabeliyində 34416 nəfər (o cümlədən pedaqoji heyətin sayı 14586 nəfər) işçi ilə 100737 nəfər uşağın təlim-tərbiyəsinə xidmət göstərən 1673 məktəbəqədər təhsil müəssisəsinin və 24000 nəfərdən çox uşağın cəlb olunduğu icma əsaslı məktəbəqədər təlim qruplarının fəaliyyəti ilə bağlı xərclər üçün 415,9 milyon manat vəsait sərf olunub;
- “Ümumi təhsil” köməkçi bölməsi üzrə 2280,8 milyon manat vəsait istifadə olunmaqla 4023 müəssisədə çalışan 206534 nəfər işçinin (o cümlədən 152695 nəfər pedaqoji heyətin) əməkhaqlarının və digər xərclərin, o cümlədən 5 yaşlı 87000 nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması məqsədilə dövlət ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı xərclərin ödənilməsinə sərf edilib;
- “Peşə təhsili” köməkçi bölməsi üzrə ayrılmış 74,8 milyon manat vəsait 76 peşə təhsili müəssisəsində çalışan 5924 nəfər işçinin (o cümlədən 1735 nəfər müəllim) əməkhaqlarının və digər xərclərinin ödənilməsinə yönədilib.
Eyni zamanda, nazirliyə ayrılmış həmin vəsait hesabına 2023/2024-cü tədris ilindən etibarən Elm və Təhsil Nazirliyinin tabeliyində olan 8 peşə təhsili mərkəzində kadr hazırlığının mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə həyata keçirilməsi tətbiq edilib.
Bununla yanaşı, işəgötürənlərlə birgə çalışan Peşə Təhsili Mərkəzlərinin 300 nəfər işçisinin ixtisasartırma və kadr hazırlığı üzrə təlim və kurslarda iştirakı təşkil edilmiş, peşə təhsilinin müxtəlif səviyyələri üzrə əmək bazarının tələblərinə uyğun 16 təhsil proqramı hazırlanıb;
- “Orta ixtisas təhsili” köməkçi bölməsi üzrə ayrılmış 74,4 milyon manat vəsait hesabına 38 orta ixtisas təhsili müəssisəsində çalışan 7085 işçinin (o cümlədən 4500 müəllim) əməkhaqlarının və digər xərclərin ödənilməsi təmin edilib;
- “Əlavə təhsil” köməkçi bölməsi üzrə ayrılmış 7,1 milyon manat vəsait hesabına 2 tədbir (“Təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsini təmin edən innovativ texnologiyalara əsaslanan ixtisasartırma təlimlərinin keçirilməsi” və “Təhsilverənlər üçün informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim və stajkeçmə (mentorluq) xidmətlərinin təşkili”) üzrə xərclərin ödənilməsi təmin edilib;
- Təhsil İnstitutunun saxlanılması, habelə 582 ştat vahidi üzrə çalışan işçilərin əməyin ödənişi xərclərinin maliyyələşdirilməsi üçün “Təhsil sahəsində tətbiqi tədqiqatlar” köməkçi bölməsi üzrə 5,6 milyon manat ayrılmış və icrası 72,7 faiz həyata keçirilib;
- Cəmi 115 500 nəfərədək şagirdi əhatə edən 144 məktəbdənkənar təhsil müəssisəsinin (Uşaq-Gənclər İdman-Şahmat Məktəbləri və Uşaq-Gənclər İnkişaf Mərkəzləri) fəaliyyəti ilə bağlı funksional təsnifatın eyniadlı paraqrafı üzrə ayrılmış 74,0 milyon manat vəsaitin icrası 97,7 faiz təşkil edib.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.