BAKI, 15 may. TELEQRAF

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda külək elektrik stansiyalarında 5,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 71,6% azdır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkədə ümumilikdə 8789,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6% çoxdur. Bunun 8485,4 milyon kilovat-saatını əmtəəlik elektrik enerjisi təşkil edib.

İstilik elektrik stansiyalarında istehsal 7287,0 milyon kilovat-saat olub və bu sahədə cüzi azalma (2,1%) qeydə alınıb. Tullantıların yandırılmasından əldə edilən elektrik enerjisi isə 74,2 milyon kilovat-saata bərabər olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,7% azdır.

Su elektrik stansiyalarında enerji istehsalı 1063,2 milyon kilovat-saat olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 35,9 faiz çoxdur.

Günəş elektrik stansiyalarında istehsal 129,6 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 10,6 faiz artıma bərabərdir.

Qeyd edək ki, su təchizatı və tullantıların təmizlənməsi sahəsində də müsbət dinamika müşahidə olunub. Su təmizlənməsi və bölüşdürülməsi üzrə 188 milyon kub metr həcmində məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 11,2% çoxdur.

Qeyd edək ki, bu göstəricilər elektrik enerjisinin istehsalı ilə birbaşa məşğul olmayan müəssisələr nəzərə alınmadan hesablanıb.