BAKI,12 may. TELEQRAF

"Apple” payızda təqdim edəcəyi yeni “iPhone” modelləri üçün qiymət artımını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.

Bildirilib ki, şirkət bu artımları əsasən cihazlarının yığıldığı Çindən idxal olunan məhsullara tətbiq olunan ABŞ rüsumları ilə əlaqələndirməkdən ehtıyat edir.

Məlumata görə, “Apple” qiymət artımını yeni funksiyalar və dizayn dəyişiklikləri, o cümlədən ultra nazik dizaynla təqdim etməyi planlaşdırır ki, bu da şirkətə qiymət artımını əsaslandırmağa kömək edə bilər.

Qeyd edək ki, ən ucuz “iPhone 16” modeli ABŞ-də ilkin olaraq 799 dollar qiymətlə satışa çıxarılıb, lakin “Rosenblatt Securities” texnoloji tədqiqat firmasının ötən ayki proqnozlarına görə, bu məbləğ rüsumlar səbəbindən 1,142 dollara qədər yüksələ bilər ki, bu da 43%-lik artım deməkdir.

“Apple” ABŞ-Çin ticarət gərginliyindən ən çox təsirlənən şirkətlərdən biridir və bu gərginlik son aylarda prezident Donald Trampın elan etdiyi bir sıra rüsumlardan sonra daha da artıb.

Qiymətlərin artırılması “Apple”a qlobal təchizat zəncirlərinə dəyən ziyandan və şirkətin istehsalı Hindistana köçürməyə vadar edən rüsumlar səbəbindən yaranan əlavə xərcləri kompensasiya etməyə kömək edə bilər.

Xatırladaq ki, “Apple”dan bu ayın əvvəlində verilən açıqlamaya görə, aprel-iyun aylarında rüsumlar şirkətə təxminən 900 milyon dollar əlavə xərc yaradacaq. Bu dövrdə ABŞ-də satılan “iPhone”ların əksəriyyəti Hindistandan təmin olunacaq.