BAKI, 2 may. TELEQRAF
Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə əməkdaşlığı çərçivəsində hazırlanan “Milli Dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi keçirilib.
Dövlət Turizm Agentliyindən Teleqraf-a verilən məlumata görə, layihənin əsas məqsədi milli kulinariya nümunələrinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsidir.
AMEA ilə əməkdaşlıqda həyata keçirilmiş layihə çərçivəsində elmi əsaslarla sənədləşdirilmiş yüzlərlə milli mətbəx nümunəsi barədə məlumatların toplanılıb, informasiya etibarlılığı və elmi dayanıqlılığı təmin edilib. İlk dəfə milli kulinariya nümunələrinin vahid bazası yaradılıb.
Qeyd edək ki, “Milli Dadlar” layihəsi çərçivəsində Azərbaycanın iqtisadi-coğrafi rayonlarından elmi əsaslarla sənədləşdirilmiş milli mətbəx nümunələri barədə məlumatlar toplanılıb. Layihənin ilkin mərhələsində müxtəlif yaş kateqoriyasından olan respondentlərlə sorğu aparılıb, toplanmış məlumatlara əsasən seçilmiş mətbəx nümunələri sənaye nümayəndələri, həmçinin ekspertlərin iştirakı ilə hazırlanaraq sənədləşdirilib və kataloqlaşdırılıb. Layihə çərçivəsində yaradılan eyniadlı onlayn platformada regional mətbəxlərin özünəməxsusluğu, mətbəx nümunələrinin adı, tərkibi, hazırlanma qaydası və digər məlumatlar əks olunub.
Layihənin ikinci mərhələsində mətbəx nümunələrinin kulinar aspektləri ilə yanaşı, sosial, mədəni və tarixilik istiqamətlərinın araşdırılması nəzərdə tutulur. Bu mərhələdə əsas məqsəd müxtəlif bölgələrə məxsus yemək və məhsullarla bağlı rəvayət, əfsanə, xalq inancları və s. kimi şifahi və yazılı xalq ədəbiyyatı mənbələrində yer alan məlumatların toplanıb sistemləşdirilməsidir. Bu mərhələ də AMEA alimlərinin və kulinariya üzrə mütəxəssislərin əməkdaşlığı ilə həyata keçiriləcək və tədqiqatların sonunda əldə olunmuş məlumatlar onlayn platformada yerləşdiriləcək.
