BAKI, 30 aprel. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidmətinin işçi qrupları tərəfindən ötən il Xankəndi şəhəri üzrə 292, Xocalı rayonu üzrə 219, Xocavənd rayonu üzrə 211, Ağdərə rayonu üzrə 199, Tərtər rayonu üzrə 7 obyekt olmaqla, ümumilikdə 928 obyektə baxış keçirilmiş, həmin obyektlərin əsas vəsaitləri inventarlaşdırılıb.
Xidmətdən Teleqraf-a verilən məlumata əsasən, bu prosedur “Azərbaycan Respublikasının erməniəsilli şəxslərin yaşadığı ərazilərində humanitar vəziyyətin sabitliyinin qorunmasına, əhalinin təhlükəsizliyinin təmin edilməsinə, mövcud sosialiqtisadi infrastrukturun mühafizəsinə, təsərrüfat işlərinin koordinasiya edilməsinə və ərazidə yaşayan əhalinin sosial ehtiyaclarının qarşılanmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar icra edilib.
Bildirilib ki, 2023-cü il tarixində həyata keçirilən lokal antiterror əməliyyatından sonra azad edilən ərazilərdə inventarlaşdırma işləri aparılıb. Bu ərazilərdə ümumilikdə 34600 yaşayış sahəsi və 7779 qeyri-yaşayış fonduna aid tikililər aşkar edilərək inventarlaşdırılıb. Daşınmaz əmlaklara dair tərtib edilmiş sxemlər və fotoşəkillər Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib. Dəymiş ziyanın müəyyən edilməsi məqsədilə sistem üzərindən 1777 daşınmaz əmlak (bina və tikili) barədə arxiv məlumatları (sənədləri) rəqəmsallaşdırılıb.
Həmçinin 1781 bina və tikili ərazilərdə aparılan inventarizasiya nəticəsində təsbit edilib. Ümumilikdə isə bu günə kimi 166611 daşınmaz əmlak (bina və tikili) təsbit edilərək rəqəmsallaşdırılıb. 147308 bina və tikili təsbit olunub.