BAKI, 30 aprel. TELEQRAF
2024-cü il ərzində dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 108,9 mln. manat vəsait daxil olub. Bununla da dövr üçün büdcə proqnozunun icrası 103,7% həcmində təmin edilib.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, hesabat dövründə 227 kiçik dövlət müəssisə və obyekti, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış 6 açıq səhmdar cəmiyyətinin səhmləri, 154 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi, 589 nəqliyyat vasitəsi özəlləşdirilib.
Ötən il investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş “Bakı Ayaqqabı Fabriki” ASC və “Sumqayıt Tekstil” MMC-lərə 4,5 milyon manatdan artıq investisiya qoyulub.
“Bakı Alüminium Profil” MMC və “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus paylarının, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi ünvanında yerləşən bir əmlak kompleksinin və “Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus 30,03 faizlik qalıq səhm zərfinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi təmin edilib.
Eləcə də “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açılmış müəssisə və obyektlərinin özəlləşdirilməsi istiqamətində işlər aparılır. Ümumilikdə özəlləşdirməyə açılmış 28 müəssisə və obyektdən 31.12.2024-cü il tarixinə 16-sının özəlləşdirilməsi təmin edilib.
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi çərçivəsində “Balaxanı Metal Konstruksiyaları” və “Qərb Tekstil” məhdud məsuliyyətli cəmiyyətlərinin özəlləşdirilməsi başa çatdırılıb.