BAKI, 24 aprel. TELEQRAF

Rusiyanın “Qazprom Neft” şirkəti yeni geoloji kəşfiyyat texnologiyaları, rəqəmsal məlumat emalı və qazma işləri sayəsində Xantı-Mansi muxtar dairəsində yerləşən Luqovoye yatağında böyük neft ehtiyatı aşkarlayıb.

Teleqraf xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Bu laylarda qazılan ilk quyudan sutkada 400 ton həcmində karbohidrogen axını əldə olunub ki, bu da sahə üzrə orta göstəricilərdən xeyli yüksəkdir. Aşkarlanmış ehtiyatlar çirkləndirici maddələrin az olduğu, yüksək keyfiyyətli, tərkibində su olmayan neftdən ibarətdir”, – deyə şirkətdən bildirilib.

Yatağın geoloji ehtiyatları 3 milyon ton neftdən çox qiymətləndirilir. Planlara əsasən, 2025-ci ilin sonuna qədər daha 13 quyunun qazılması nəzərdə tutulur.

Qeyd edək ki, Luqovoye yatağı 1987-ci ildə kəşf olunub və yetkin yataqlar kateqoriyasına aiddir. O, Xantı-Mansi muxtar dairəsinin Nijnevartovsk rayonunda yerləşir. Yatağı “Qazprom Neft” və “Rosneft”in birgə müəssisəsi olan “Slavneft-Megionneftegaz” işləyir və illik təxminən 150 min ton neft hasil edir.