BAKI, 21 aprel. TELEQRAF
Təbii fəlakətlərə görə Aqrar Sığorta Fonduna 76 müraciət daxil olub.
Aqrar Sığorta Fondundan Teleqraf-a verilən məlumata görə, ötən həftə ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində bir sıra rayonlarda güclü yağış, sel, subasma, güclü külək, qasırğa, fırtına, temperaturun kəskin aşağı düşməsi və dolu yağıb. Nəticədə bəzi bölgələrdə meyvə bağlarına və əkin sahələrinə ciddi ziyan dəyib.
Zərər çəkmiş fermerlər dəymiş ziyanın hesablanması və ödənilməsi üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə müraciət ediblər. 14–20 aprel tarixlərində Fond tərəfindən 15 rayon üzrə ümumilikdə 76 müraciət qeydə alınıb. Müraciətlər əsasən Xaçmaz, Bərdə, Ağsu, Quba, Şamaxı, Şabran, Qusar, Ağdaş, Neftçala və digər rayonlardan daxil olub. Bunlardan 36-sı sel-subasma, 40-ı isə fırtına və qasırğanın təsərrüfatlara vurduğu zərərlə bağlıdır.
Qurumdan verilən məlumata görə, sığorta hadisələri üzrə daxil olan müraciətlər qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Hazırda ekspertlər zərər baş verən ərazilərə baxış keçirir, baş vermiş hadisələri və onların nəticələrini sənədləşdirir, ilkin qiymətləndirmə aparırlar. Araşdırmalar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun olaraq fermerlərə sığorta ödənişləri ediləcək.