BAKI, 11 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın ticarət tərəfdaşlarına qarşı qarşılıqlı əsaslı tariflər tətbiq edəcəyini elan etməsi qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqları artırıb. Bu fonda Avropada təbii qazın qiyməti bir həftə ərzində 20 faiz azalıb.
Teleqraf xəbər verir ki, aprelin 2-də TTF birjasında qazın meqavat-saatı 41,2 avro təşkil etsə də, Trampın tarif qərarından sonra qiymətlər sürətlə enməyə başlayıb. Qazın qiyməti 39,2 avroya düşüb. Qiymətlərdəki azalma tendensiyası yeni həftəyə də sirayət edib.
Analitiklər qiymətlərin enməsini ABŞ və Çin arasında artan tarif qarşıdurması, qlobal iqtisadi yavaşlama ilə bağlı proqnozlar və qaz tələbatının azalacağına dair narahatlıqlarla əlaqələndirirlər. Bu həftənin əvvəlindən qiymətlər 9,2 faiz azalıb. Ümumilikdə isə Avropa qaz bazarında qiymətlər 2024-cü ilin may ayından bəri ən aşağı səviyyəyə enib.
Eyni zamanda, ABŞN mayeləşdirilmiş təbii qazının (LNG) Çin və Asiyaya tədarükündə mümkün azalmalar və bu həcmlərin Avropa bazarına yönələcəyi ehtimalları da ucuzlaşmanı sürətləndirən amillərdən olub.
Tariflərin təsiri ilə Çində iqtisadi artım tempinin zəifləməsi və sənaye sektorunda qaz istehlakının azalması bu ölkənin qaz tələbinə dair narahatlıqları daha da artırıb. ABŞ-ın nüfuzlu investisiya bankı “Goldman Sachs” Çin iqtisadiyyatı üçün artım proqnozlarını aşağı salaraq 2025-ci il üçün 4 faiz, 2026-cı il üçün isə 3,5 faiz səviyyəsində müəyyən edib. Bu, bankın əvvəlki müvafiq illər üzrə 4,5 və 4 faizlik proqnozlarından geriləmə deməkdir.