BAKI, 11 aprel. TELEQRAF
İranın Moskvadakı səfiri Kazem Calali Şimal–Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt–Astara dəmir yolunun tikintisinin ən azı üç-dörd il davam edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, o bu barədə “Rossiya-24” telekanalına verdiyi müsahibəsində danışıb.
Səfirin sözlərinə görə, hazırda dəhlizin qərb marşrutu üzrə avtomobil yolu aktiv şəkildə fəaliyyət göstərir və ötən il bu xəttlə üç milyondan çox yük daşınıb. Dəmir yolunun tam istismara verilməsi üçün 160 kilometrlik hissənin tikintisi tamamlanmalıdır. İran və Rusiya bu layihə üzrə sıx əməkdaşlıq edir və mütəmadi əlaqə saxlayır.
Qeyd edək ki, Rusiya və İran arasında Rəşt–Astara dəmir yolunun birgə tikintisinə dair razılaşma 2023-cü ildə əldə olunub. Layihənin dəyəri 1,6 milyard avrodur və bu xəttin Fars körfəzinə birbaşa çıxışı təmin edəcəyi gözlənilir.
Calali əlavə edib ki, dəhlizin şərq marşrutu – Rusiya, Qazaxıstan və Türkmənistan üzərindən İrana keçən xətt 2023-cü ildə işə salınıb. Bu marşrut üzrə ötən il 1,8 milyon ton yük daşınıb və 2025-ci ildə bu rəqəmin 3 milyon tona çatdırılması planlaşdırılır. Şərq marşrutunun illik potensialı isə 15 milyon ton təşkil edir.