BAKI, 10 aprel. TELEQRAF
Azərbaycanda limon, naringi və portağal bağlarının 50% güzəştlə sığortalanmasına başlanılıb.
Aqrar Sığorta Fondundan Teleqraf-a verilən məlumata görə həyata keçirilən bu dəstək fermerlərin iqlim dəyişiklikləri, qeyri-sabit hava şəraiti, vəhşi heyvan və quş hücumları, eləcə də üçüncü şəxslərin təsərrüfatlara vurduğu zərərlərdən qorunmasını təmin edəcək.
Hazırda Azərbaycanda 4500 hektardan artıq sitrus meyvəsi bağı mövcuddur. Statistikaya görə, bu bağların 3278 hektarı naringi (mandarin), 703 hektarı limon və 582 hektarı portağal bağlarıdır. Sitrusçuluq əsasən ölkənin cənub zonasındakı bölgələrdə inkişaf edib. Cənub bölgəsində limon bağlarının 95%-i, naringi bağlarının 99%-i, portağal bağlarının isə 100%-i yerləşir.
Rəsmi məlumatlara görə , 2024-cü ildə Azərbaycandan xarici bazarlara 2343 ton naringi və mandarin ixrac edilib ki, bunun ümumi dəyəri 1 milyon 91 min dollar təşkil edib.
2024-cü ildə sitrus bağlarına dəymiş zərərlər üzrə fermerlərə 40 min manatdan çox sığorta ödənişi edilib. Fırtına, qasırğa, sel və şaxtavurma nəticəsində limon bağlarına 16 287 manat, naringi bağlarına 13 446 manat, portağal bağlarına isə 10 912 manat sığorta ödənişi həyata keçirilib.
Sığorta haqqına tətbiq edilən 50%-lik dövlət dəstəyi, fermerlərə bağlarını cüzi məbləğlə sığortalamağa imkan verir. Məsələn, cənub bölgəsində 1000 manatlıq limon, naringi və portağal bağlarının sığortalanması fermerə yalnız 12 manata başa gəlir.
Bundan əlavə, fermerlər meyvə bağlarındakı ağacları ayrıca sığorta edə bilərlər. Ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvəsinin dəyəri qədər sığorta ödənişi edilir. Bu sığorta məhsulunun sığorta tarifi cəmi 0,83%-dir. Məsələn, ildə 30 manatlıq məhsul gətirən bir naringi ağacının illik sığorta haqqı yalnız 74 qəpikdir.
Aqrar sığorta məhsulları və şərtləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və ya 1651 Çağrı Mərkəzinə müraciət etməklə əldə etmək mümkündür.