BAKI, 10 aprel. TELEQRAF

Dünyanın ən zəngin insanlarının ümumi sərvəti rekord həddə - 304 milyard dollar artıb.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarını 90 gün müddətinə təxirə salma qərarından sonra baş verib. "Bloomberg"in “Milyarder İndeksi”nə görə, sərvət artımı, xüsusən də ABŞ-da səhmlərin qiymətinin artması ilə müşayiət olunub.

Trampın qərarından sonra ən böyük qazancı İlon Mask əldə edib. "Tesla" şirkətinin səhmləri 23% bahalaşaraq, Maskın sərvətini 36 milyard dollar artırıb. "Meta" şirkətinin rəhbəri Mark Zuckerberqin sərvəti isə 26 milyard dollar, "Nvidia" şirkətinin rəhbəri Jensen Huangın sərvəti isə 15,5 milyard dollar artıb.

Bu artımlar “Milyarder İndeksi” tarixində rekord sayılır. Əvvəlki rekord 2022-ci ilin martında qeydə alınıb, o zaman ABŞ Mərkəzi Bankı faiz dərəcələrini artırmışdı və iş adamlarının sərvətləri 233 milyard dollar artmışdı.

Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə qarşı 10% idxal rüsumu tətbiq etməyə başladığını elan etmişdi. Rusiya bu siyahıya daxil edilməyib. Lakin, 9 aprel tarixində Tramp, müzakirələrə hazır olan ölkələrə qarşı rüsumların 90 gün müddətinə dayandırıldığını bildirib. Bu ölkələrə 10% rüsum tətbiq olunacaq. ABŞ Maliyyə naziri Scott Bessent isə bu dayandırmanın Kanada və Meksikaya şamil olduğunu vurğulayıb.

Eyni zamanda, Tramp Çin məhsullarına tətbiq olunan rüsumları 125%-ə qaldırıb.