BAKI, 4 aprel. TELEQRAF

"ABŞ Azərbaycanla münasibətlərə böyük önəm verir və Cənub Qaz Dəhlizi ortaq maraqlara əsaslanan uğurlu tərəfdaşlığın təməlidir".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

O, Cənub Qaz Dəhlizini Azərbaycanın enerji resurslarını regionun rifahı üçün istifadə etməyə imkan verən layihə kimi dəyərləndirib və qeyd edib ki, Azərbaycan artıq onlarla ölkənin etibarlı enerji təchizatçısına çevrilib.

"ABŞ kimi Azərbaycan da nəhəng enerji ehtiyatlarına malikdir. ABŞ Prezidenti Donald Tramp enerjini Amerikanın üstünlüyünün təməl daşı və onun təhlükəsizliyinin açarı adlandırırdı. Ölkəmizin enerji zənginliyi sayəsində iqtisadi imkanlar yaratmaq, səhiyyə və təhsili təkmilləşdirmək, vətəndaşlarımızın həyatlarını yaxşılaşdırmaq hər yaxşı ölkənin vəzifəsidir”,- deyə o qeyd edib.

Ceykobs vurğulayıb ki, təbii qaz etibarlı və təhlükəsiz enerji mənbəyi olaraq qalır və qlobal enerji tələbatının qarşılanmasında mühüm rol oynayır. O, Səngəçal terminalına səfəri zamanı Azərbaycanın bu sahədə strateji rolunu bir daha gördüyünü bildirib və ABŞ şirkətlərinin Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu əlavə edib.