
BAKI, 4 aprel. TELEQRAF
Azərbaycanda çiyələyin 50% güzəştlə sığortalanmasına başlanılıb.
Aqrar Sığorta Fondundan Teleqraf-a verilən məlumata görə həyata keçirilən bu dəstək fermerlərin iqlim dəyişiklikləri, qeyri-sabit hava şəraiti, vəhşi heyvan və quş hücumları, eləcə də üçüncü şəxslərin təsərrüfatlara vurduğu zərərlərdən qorunmasını təmin edəcək.
Rəsmi məlumatlara əsasən 2023-cü ildə 313 hektar, 2024-cü ildə isə 221 hektar yeni çiyələk bağı salınıb. Hazırda Azəbaycanda 4 256 hektar sahədə çiyələk və digər giləmeyvə növləri əkilib. Bu əkinlərin 4 min hektarı artıq bara düşüb.
Çiyələk ən çox Cəlilabad (600 hektar), Lənkəran (360 hektar), Masallı (300 hektar), Şəmkir (300 hektar) rayonları ərazisində əkilir. Çiyələk plantasiyalarında illik orta məhsuldarlıq 10 ton / hektara yaxın təşkil edir. Cəlilabad rayonu üzrə ötən il rekord səviyyədə - 32 ton/hektar orta məhsuldarlıq qeydə alınıb.
Qeyd edək ki, sığorta məbləğinin yarısı dövlət tərəfindən ödənilir. Məsələn 1000 manatlıq çiyələk məhsulunun sığortalanması fermerlərə Lənkəran-Astara regionunda 14,7 manata, Mərkəzi Aran regionunda 14,2 manata, Qazax-Tovuz regionunuda 30,7 manata, Quba-Xaçmaz regionunda isə 16 manata başa gəlir.