BAKI, 21 mart. TELEQRAF

Martın 19-20-də Bakıdan Azərbaycanın bölgələrinə 760 reyslə 27 832 sərnişin daşınıb.

Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Teleqraf-a verilən məlumata görə, gücləndirilmiş rejimin ilk iki günü rekord göstəricilərlə yadda qalıb.

Məlumata görə, həmin dövr ərzində, birinci gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 386 reyslə 14 mindən çox sərnişin, ikinci gündə isə 374 reyslə 13 824 sərnişin daşınıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə 135 reys təşkil edilib.

Sərnişinlərin 48%-i biletlerini onlayn olaraq “biletim.az” portalı vasitəsilə əldə edib.

Qeyd edək ki, ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.