
BAKI, 19 mart.TELEQRAF
Türkiyənin enerji naziri Alparslan Bayraktar Aşqabadda keçirilən beynəlxalq konfransda iki ölkə arasında enerji əməkdaşlığının gücləndirilməsinə dair vacib açıqlamalar verib.
Teleqraf xəbər verir ki, Bayraktar bildirib ki, enerji sahəsində qarşılıqlı etimada əsaslanan uzunmüddətli tərəfdaşlıqlar bölgədə sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynayacaq.
Türkiyənin enerji strategiyasının iki əsas məqsəd – enerji təhlükəsizliyi və enerji müstəqilliyi üzərində qurulduğunu bildirən Bayraktar, son 20 ildə ölkənin enerji tələbatının 3 dəfə artdığını, növbəti 20 ildə isə illik 5%-lik artım gözlənildiyini vurğulayıb. O qeyd edib ki, Türkiyə uzun illər təbii qazın 100%-ni, neftin isə 90%-ni idxal edirdi. Bu səbəbdən yerli resursların istifadəsi və regional əməkdaşlıqlar prioritet məsələlərə çevrilib.
Nazir, 1 mart tarixindən etibarən Türkmənistandan təbii qaz idxalına başlanıldığını xatırladaraq, bunun enerji təchizatında şaxələndirmə baxımından tarixi bir addım olduğunu deyib: “Beləliklə, sərhəd qonşumuz olmayan bir ölkədən ilk dəfə olaraq boru kəməri vasitəsilə təbii qaz tədarük edirik. Bu, təkcə Türkiyə üçün deyil, Türkmənistan qazının Avropa bazarına çıxışı baxımından da strateji əhəmiyyət daşıyır.”
Bayraktar, Türkiyənin Türkmənistan ilə neft və təbii qaz sahələrinin birgə inkişafı istiqamətində tərəfdaşlıqlar qurmaq niyyətində olduqlarını bildirib və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini vurğulayıb.