BAKI, 13 mart. TELEQRAF

2020-2024-cü illərdə 52 açıq səhmdar cəmiyyətinin səhmləri, 1.237 kiçik müəssisə, obyekt və icarəyə verilmiş qeyri-yaşayış sahəsi, 2.043 nəqliyyat vasitəsi, 961 müəssisə və obyektin yerləşdiyi dövlət torpaq sahəsi özəlləşdirilib. 12 dövlət müəssisə və əmlak kompleksinin özəlləşdirilməsi isə investisiya müsabiqəsi vasitəsilə həyata keçirilib.

Bu barədə Teleqraf-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hesabat dövrü ərzində özəlləşdirmə nəticəsində dövlət büdcəsinə 514,4 milyon manat vəsait daxil olub. Həmçinin, son 5 ildə özəlləşdirilmiş müəssisələrə 56,7 milyon manat investisiya yatırılıb.

Fəaliyyətsiz və ya potensialından aşağı səviyyədə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi, həmin müəssisələrə investorların cəlbi istiqamətində də işlər görülüb. "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin və "Aqrarkredit" QSC-nin tabeliyindəki müəssisələr, eləcə də Energetika Nazirliyinin alternativ enerji istehsalı obyektləri özəlləşdirilməyə açılıb. Həmçinin, ləğv edilmiş “Azərkontrakt” ASC-nin özəlləşdirilməsi məqsədəuyğun hesab olunan əmlakları müəyyən edilib.

Qeyd edək ki, özəlləşdirməyə açıq olan müəssisə və obyektlərdə ilkin addım kimi inventarizasiya və təşkilati restrukturizasiya tədbirləri həyata keçirilib, onların təşkilati-hüquqi formaları qanunvericiliyə uyğun olaraq dəyişdirilib, nizamnamə kapitalı mövcud bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla və müstəqil qiymətləndiricinin iştirakı ilə dəqiqləşdirilib.

"Azərtütün" və "Bakı Ayaqqabı Fabriki" ASC-ləri, "Şəki Şərab", "Qərb Tekstil", "Sumqayıt Tekstil", “Bakı Alüminium Profil”, “Balaxanı Metal Konstruksiyaları”, "Bakı Mərmər Qranit" və “Bakı Beton Konstruksiyaları” MMC-ləri özəlləşdirilən istehsal müəssisələri sırasındadır.