BAKI, 11 mart. TELEQRAF

Prezident İlham Əliyev Mənzil Məcəlləsinə olunan dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək. Yeni dəyişikliklərə yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu, pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlar pulsuz evə sahib olurlar:

“Mövcud qanunvericiliyə əsasən şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzasında əlilliyi olan şəxslər və valideynlərini itirmiş vətəndaşlarımıza sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır.

Yeni qaydalara əsasən, sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiq edilib. Bu, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Qanuna əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər”.