BAKI, 10 mart. TELEQRAF

"Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə nazirlərin və Rəhbər Komitənin Budapeştdə keçirilən görüşü mühüm nəticələrlə yekunlaşıb."

Teleqraf xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib: “Layihəyə PMI statusunun verilməsi məqsədilə dörd ölkə tərəfindən Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktub imzalanıb”.

“Eyni zamanda, layihənin Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) daxil edilməsi, Bolqarıstanın bu təşəbbüsə qoşulması və fiber-optik kabel (FOC) komponenti ilə bağlı zəruri addımlar razılaşdırılıb. Bundan əlavə, Birgə Müəssisəyə (GECO Power Company) texniki-iqtisadi əsaslandırma ilə bağlı səlahiyyət və öhdəliklərin ötürülməsi üzrə müvafiq sənəd imzalanıb”,- deyə nazir bildirib.