BAKI, 19 fevral. TELEQRAF

Ukrayna ilə atəşkəsin əldə olunması və Rusiyaya qarşı sanksiyaların yumşaldılması bu ölkənin neft hasilatına əhəmiyyətli təsir etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Goldman Sachs” investisiya bankı açıqlama yayıb.

"Hesab edirik ki, Rusiyanın xam neft hasilatı hazırkı sanksiyalardan çox, “OPEC+” çərçivəsində müəyyən edilən gündəlik 9 milyon barrel hasilat hədəfi ilə məhdudlaşdırılır. Sanksiyalar neft ixracının həcminə deyil, məhsulun bazara çatdırılmasına təsir edir", - deyə, bankın açıqlamasında qeyd edilib.

Yeri gəlmişkən, “Goldman Sachs” ekspertləri OPEC-in neft hasilatının artırılmasını bu ilin aprelindən iyul ayına qədər təxirə salacağı ilə bağlı xəbərləri dəstəkləyiblər. Onların fikrincə təşkilat daxilində belə bir qərar var.

Qeyd edək ki, “Goldman Sachs” ayın sonuna qədər “Brent” markalı neftin 79 dollara qədər yüksələcəyini proqnozlaşdırır.