Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodu Türkiyənin 6-cı ən böyük sənaye quruluşu olub.

Teleqraf.com xəbər verir ki, İstanbul Sənaye Palatasının (İSO) “Türkiyənin 500 Böyük Sənaye Müəssisəsi 2020” araşdırmasında SOCAR-ın inşa etdiyi “Star Rafineri” 6-cı, “Petkim” isə 23-cü ən böyük müəssisə olub.

SOCAR-ın 7 milyard dollarlıq sərmayə ilə inşa etdiyi “Star Rafineri”nin 2020-ci ildə istehsal satış 24 milyard 30 milyon TL (2 milyard 846 milyon 543 min 337 dollar) olub. SOCAR Türkiyənin digər bir qrup şirkəti “Petkim”də isə istehsal satışı 8 milyard 732 milyon TL (1 milyard 34 milyon 374 min 383 dollar) təşkil edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov “Star Rafineri” və “Petkim”in qazandığı uğurları qiymətləndirib. O bildirib ki, “Star Rafineri” Türkiyənin işlənmiş neft məhsullarına olan tələbatının təxminən 25%-ni ödəyir: “Açılandan bəri keçən iki ildə Türkiyənin ən böyük sənaye təşkilatları arasında yer almaqdan böyük məmnunluq duyuruq. “Star Rafineri” illik xam neft işləmə gücü 10,5 milyon ton olmaqla ildə 4,8 milyon ton dizel, 1,6 milyon ton nafta, həmçinin cari kəsirin vacib komponentləri olan təyyarə yanacağı və LPG kimi məhsullar istehsal edib. Şirkət satış rəqəmləri ilə pandemiya dövrünün çətin şərtlərində uğurlu bir performans əldə edib”.