BAKI, 16 yanvar. TELEQRAF
Yevlax rayonunda baş verən hadisənin bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndi ərazisindəki otlaq sahəsində baş verib.
1980-ci il təvəllüdlü kənd sakini Qoşqar Novruzova məxsus heyvanların nəzarətsiz şəkildə 1987-ci il təvəllüdlü Zaur Səmədova məxsus otlaq sahəsinə keçməsi mübahisəyə səbəb olub.
Bu hal bir neçə dəfə təkrarlandığından tərəflər arasında münaqişə yaranıb.
İddialara əsasən, Zaur Səmədov ov tüfəngi ilə Qoşqar Novruzovun ayaq nahiyəsindən atəş açıb. Yaralı xəstəxanaya yerləşdirilib.
***
Yevlax Rayon Mərkəzi Xəstəxanasından Teleqraf-ın sorğusuna cavab olaraq verilən məlumata görə, 1980-ci il təvəllüdlü Q.Novruzova sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilib və ona zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətinin stabil olduğu bildirilib.
Məryəm Surxay
***
15:38
Yanvarın 16-da Yevlaxda silahlı insident baş verib.
Teleqraf xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib.
Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur. Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. O, 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb və həmin il dekabr ayında vəfat edib.