BAKI, 10 dekabr. TELEQRAF
Ötən ilin oktyabrın 17-də Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin xəsarət alması ilə bağlı məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Əlibaba Gəncimov hadisə zamanı öldüyü üçün ona cəza təyin edilməyib.
Məlum olub ki, Əlibaba Gəncimov evinə silahlı hücum etdiyi Akif Məmmədəliyevlə uzun müddət dost olub. Sonralar onların münasibəti pul üstündə pozulub.
Belə ki, Akif Məmmədəliyevin başqa bir şəxsə 58 min manat borcu olub və Əlibaba Gəncimov həmin məbləğin qarşı tərəfə vaxtında ödənilməsinə dair öhdəlik götürüb. Buna baxmayaraq, Akif borcu ödəməyib, Əlibaba da nüfuzuna xələl gəldiyi üçün ondan qisas almaq qərarına gəlib.
Nəticədə Akif Məmmədəliyevin evinə silahlı basqın edən Əlibaba onun anası Gülsadəni öldürüb, oğlu Nurlanı isə yaralayıb. Nurlan isə ailəsini müdafiə etmək məqsədilə evindəki silahla Əlibabaya atəş aşaraq onu qətlə yetirib.
Qeyd edək ki, silahlı hücum zamanı Nurlanın anası ilə balaca qardaşı da evdə olub.