BAKI, 9 dekabr. TELEQRAF

Xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, o, xəstəxanaya gələrkən çoxsaylı sınıq və yanıq xəsarətləri alıb.

Sabunçu Tibb Mərkəzinin 1-ci Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların ikinci dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq onun ölüm faktı qeydə alınıb.

Əli Gənctürk

***

15:55

TƏBİB Bakıxanov qəsəbəsində baş vermiş partlayışla bağlı açıqlama yayıb.

Qurumdan Teleqraf-a bildirilib ki, 9 dekabr 2025-ci il tarixində saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

***

13:20

Xəbər verildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Partlayış nəticəsində sahəsi təxminən 12 kv.m olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

11:03

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.