BAKI, 8 avqust. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Əxşam kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Teleqraf-a verilən məlumata görə, qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Honda” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
16:01
Bu gün saat 14:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2004-ci il təvəllüdlü şəxsə (qadın cinsli) ətraf oynaqlardan bir neçə sınıq və bədənin digər nahiyyələrinin əzilməsi diaqnozu təyin edilib
1956-cı il təvəllüdlü pasiyentə (kişi cinsli) isə bədənin müxtəlif nahiyyələrinin travmaları diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
***
14:30
YEVLAX, 8 avqust. TELEQRAF
Yevlax rayonunda ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, qəza Xaldan–Mingəçevir avtomobil yolunun Əkşəm kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə “VAZ 2106” və “Honda” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verib. İlkin məlumata görə, “Honda” su kanalına düşüb. Maşında olan 1957-ci il təvəllüdlü Balakən sakini Xəlilova Xuraman hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.