BAKI, 19 iyun. TELEQRAF

Bu gün saat 14:00 radələrində Lənkəran-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (4-ü qadın, 1-i kişi cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki. hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib, yaralılardan biri vəziyyətinə uyğun olaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib, digər 4 nəfərin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

***

16:15

LƏNKƏRAN, 19 iyun. TELEQRAF

Lənkəranda toy məclisinə gedən ailə qəzaya düşüb.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Ələt-Astara magistralının 165-ci kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəticədə 5 nəfər xəsarət alıb.

1976-cı il təvəllüdlü Fəxrəddin Şəmsəli oğlu Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxulayıb və nəticədə nəqliyyat vasitəsi aşıb.

Qəza zamanı sürücünün ailə üzvləri – həyat yoldaşı 1980-ci il təvəllüdlü Yeganə Vəlihəd qızı Alişanova, qızları 2003-cü il təvəllüdlü Afət Mirzəyeva və 2005-ci il təvəllüdlü Fəxriyyə Mirzəyeva, baldızı 1966-cı il təvəllüdlü Tahirə Alişanova və azyaşlı 2012-ci il təvəllüdlü A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Yaralılardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə qəbul edilib, digərlərinin müalicəsi davam etdirilir.

Sürücünün sözlərinə görə, ailə Lerik rayonuna toy mərasiminə yollanırmış. Səfər zamanı onu yuxu tutub və nəticədə idarəetməni itirərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.